30 avqust - 4 sentyabr tarixləri arasında Türkiyənin Samsun şəhərində keçirilən  “TEKNOFEST- Aviasiya, Kosmos və Texnologiya Festivalı”nda Azərbaycan milli pavilyonla təmsil olunub.

"Unikal" xəbər verir ki, 6 gün ərzində keçirilən “Teknofest Karadeniz” festivalında ən diqqət çəkən stendlərdən biri də milli pavilyonumuz olub. 

26-29 may tarixlərində Azərbaycanda keçirilən “Teknofest 2022” festivalında Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə təşkil edilən “Aqrar Texnologiyalar” müsabiqəsi üzrə qalib gələn startapçılar öz innovativ məhsul və həllərini Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest” festivalında nümayiş etdiriblər.

Festival zamanı “Türkiyə Texnologiya Komandası” – T3 Fondunun rəhbəri Selçuk Bayraktar milli pavilyonda ölkəmizi təmsil edən stendi ziyarət edərək qalib komandalar, yenilikçi gənclər və startapçılarla və onların  innovativ layihələri ilə yaxından tanış olub.

“Aqrar Texnologiyalar” müsabiqəsinin qalibləri festival çərçivəsində keçirilən “Tarım teknolojileri” yarışmasında iştirak ediblər. Kənd təsərrüfatı sahəsi üzrə öz ideyalarını böyük pavilyonda nümayiş etdirmək imkanı qazanan gənclər festivalın növbəti günlərində təqdimatlarla çıxış ediblər. 

Xatırladaq ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest”-  “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur.