Bakıda qanunsuz ağac kəsən tikinti şirkətinə cinayət işi açılıb.
Bu barədə "Unikal"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırmalarla Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Mənzərə” MTK-nin istifadəsində olmaqla dövlət mülkiyyətində olan torpaq sahəsində, bundan başqa Abşeron rayonu, Saray qəsəbəsində xüsusi mülkiyyətdə olan torpaq sahəsində, eləcə də Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsində və İnşaatçılar qəsəbəsi, Qara Qarayev küçəsində dövlət mülkiyyətində olan torpaq sahəsində meşə fonduna daxil olmayan müxtəlif cinsli və diametrli 47 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə 30 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.
Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1, 259.2.3 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.