Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsilalanlar üçün xidmətin təkmilləşdirilməsi, bu xidmətlərin yüksək keyfiyyətli, şəffaf və operativ, vətəndaş məmnunluğuna uyğun şəkildə təşkili məqsədilə ISO beynəlxalq standartların tətbiqi istiqamətində önəmli addımlar atılır.
"Unikal" xəbər verir ki, qeyd edilən fəaliyyətlərin uğurlu nəticəsi olaraq Gömrük Akademiyası Türk Standartları İnstitutu (TSE) tərəfindən 3 ISO beynəlxalq sertifikatına layiq görülüb. Bu münasibətlə Dövlət Gömrük Komitəsinin Akademiyasında beynəlxalq ISO sertifikatlarının təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı, Türk Standartları İnstitutunun (TSE) rəhbəri Mahmut Sami Şahin, Dövlət Gömrük Komitəsinin sədr müavini gömrük xidməti general-mayoru İqbal Babayev, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov, TSE-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu, hər iki qurumun əməkdaşları, Akademiyanın tələbələri və media nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk öncə Akademiyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbirdə giriş nitqi ilə çıxış edərək beynəlxalq ISO standartlarının tətbiqi ilə bağlı görülən işlərdən bəhs edib. Qulu Novruzov bildirib ki, TSE ilə faydalı əməkdaşlıq çərçivəsində fəaliyyətinin müvafiq ISO standartlarının tələblərinə uyğunlaşdırılması məqsədilə əməkdaşlar üçün təlimlər keçirilib, idarəetmə sistemlərinin təkmil və şəffaf şəkildə qurularaq həmin tələblərə uyğunlaşdırılması, sertifikatlaşdırma prosesi təmin olunub.
Çıxışının sonunda Akademiyanın rəisi 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər ruhu ilə iki qardaş ölkə arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı çıxış edərək dünyanın Qarabağ zəfəri ilə iki qardaş ölkənin birliyinə və gücünə şahid olduğunu diqqətə çatdırıb, iki ölkə prezidentlərinin iradəsinin əsəri olan Şuşa Bəyannaməsinin ikitərəfli münasibətlərin dərinləşdirilməsi istiqamətində bütün dövlət qurumlarının, eləcə də hər bir vətəndaşın qarşısına vəzifələr qoyduğunu, Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin önəmli olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədr müavini gömrük xidməti general-mayoru İqbal Babayev Akademiyanın fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması və beynəlxalq idarəetmə sistemlərinin mənimsənilməsi məqsədilə davamlı olaraq məqsədyönlü tədbirlərin həyata keçirilməsinin, beynəlxalq sertifikatların əldə edilməsinin əhəmiyyətindən bəhs edib.
Daha sonra DGKA ilə TSE arasında 2018-ci ildən başlayan əməkdaşlığa dair videoçarx nümayiş olunub.
Türk Standartları İnstitutunun rəhbəri Mahmut Sami Şahin hər üç standart üzrə sistemin qurulmasında və inkişaf etdirilməsində Akademiyanın fəaliyyətini yüksək qiymətləndirib, çoxşaxəli əməkdaşlığın gücləndirilməsinin hər iki qardaş ölkənin sənayesinin inkişafına önəmli töhfələr verəcəyini diqqətə çatdırıb.
Sonra Türk Standartları İnstitutu (TSE) tərəfindən Dövlət Gömrük Komitəsinin Akademiyasına ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemi”, ISO 45001:2018 “Peşə sağlamlığı və əməyin təhlükəsizliyi”, ISO 10002 “Müştəri məmnuniyyəti idarəetmə sistemi” standartları üzrə beynəlxalq sertifikatlar və ISO standartının bayrağı təqdim edilib.
Əldə edilən sertifikatlar Akademiyada müasir standartlara uyğun keyfiyyətli təlim-tədris prosesinin həyata keçirildiyini, əməyin təhlükəsizliyinə diqqətin yüksək səviyyədə olmasını, formalaşmış sistemin düzgün qurulduğunu təsdiq edir, təkmilləşdirmə və təcrübənin davamlı inkişafı üçün stimul yaradır.
Tədbirdən sonra qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.
Qeyd edək ki, Türk Standartları İnstitutunun (TSE) rəhbəri M.S.Şahin ölkəmizə səfəri zamanı digər dövlət qurumları ilə nəzərdə tutulan görüşlər çərçivəsində yalnız Dövlət Gömrük Komitəsinin Akademiyasında beynəlxalq ISO sertifikatlarının təqdim edilməsi mərasimində iştirak edib.