Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 6-da saat 1 radələrində Nəsimi rayonunun H.Seyidzadə küçəsində yolu keçən Qazax rayon sakini Z.Mustafayeva müəyyən edilməyən avtomobillə vurulub. Qadına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Honda” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü - Bakı şəhər sakini İ.Şıxəliyev saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.