"Prezident İlham Əliyevin 2018-ci ildən etibarən daha da gücləndirərək həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticələrini, beynəlxalq arenada ölkəmizin mövqeyinin güclənməsinin şahidi oluruq. Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır, beynəlxalq tədbirlərin təşkilatçısı və iştirakçısıdır. Dövlətimizin başçısının qətiyyətli siyasəti iradəsi nəticəsində, Azərbaycan ordusunun rəşadəti ilə ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Regionda və dünyada yeni reallıqlar yaranıb. Siyasi sistemdə müşahidə olunan dəyişikliklərə uyğunlaşmaq məqsədi ilə Milli Məclis tərəfindən də zəruri addımlar atılıb. Bunlardan biri də “Siyasi partiyalar haqqında” qanunun müasir çağırışlara uyğun olaraq dəyişdirilməsidir. Yeni qanun layihəsi ölkəmizin və xalqımızın maraqları naminə siyasi birlik nümayiş etdirən, zərərli xarici siyasi təsirləri minimuma endirən partiyaların fəaliyyətinə müsbət təsir edəcək. Siyasi partiyaların yaranması, fəaliyyətinin ləğvi və bərpası kimi məsələləri daha da asanlaşdıracaq".
Bu sözləri "Unikal"-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. M. Abbaszadə bildirib ki, Azərbaycan Respublikası Milli Məclisində “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üzərində iş gedir. Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırına əsasən hazırlanan qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir: "Qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir. Hazırda qüvvədə olan, 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmiş “Siyasi partiyalar haqqında “ qanun isə 22 maddədən ibarətdir. Yəni qanun layihəsi daha əhatəlidir və müasir siyasi çağırışlara cavab verir.
İlk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar, eyni zamanda komitənin iclasına çıxarılmazdan əvvəl iyulun 26-da Milli Məclisin saytında yerləşdirilib. Eyni zamanda, dövlət qeydiyyatına alınmış 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib. Bunlar bütün maraqlı tərəflərə imkan verir ki, qəbul edilməsi nəzərdə tutulan qanun haqqında fikirlərini, təklif və iradlarını bildirsinlər. Sentyabrın 28-də isə qanun layihəsinin ilk ictimai dinləməsi keçiriləcək, təkliflər müzakirə ediləcək".
Deputat Milli Məclisdə layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsinin nəzərdən keçirildiyini də vurğulayıb.
Murad İbrahimli