“Azərbaycan-İtaliya əlaqələri çox möhkəm təməl üzərində qurulub. İki ölkənin münasibətləri 30 il ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Şübhəsiz ki, bu dövlətlər arasında ali və yüksək səviyyəli səfərlər də əməkdaşlığın möhkəmlənməsində önəmli rol oynayıb. Respublikamız bu gün İtaliyanın əsas tərəfdaşlarından biridir. Azərbaycanla münasibətlər yüksək səviyyədədir. İtaliyanın Azərbaycanla əlaqələri yalnız enerji sahəsini deyil, iqtisadiyyatın digər sektorlarını da əhatə edir. Bunu İtaliya şirkətləri tərəfindən enerji, infrastruktur və nəqliyyat sahələrinə geniş həcmdə sərmayə yatırılması da aydın göstərir. Azərbaycan və İtaliya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyib, iki ölkə arasında böyük etimad formalaşıb. 30 ilə qədər davam edən Qarabağ münaqişəsi zamanı da İtaliya beynəlxalq qanunlara əsaslanaraq ədalətli mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Bunun nəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdən biridir.”
Bu fikirləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
A.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya budəfəki səfəri isə Azərbaycan-İtaliya münasibətlərində yeni səhifələr açacaq:
“Səfər zamanı Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışının olması və binada ilk tədbirin İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi olduqca mühüm hadisə idi. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüş zamanı Azərbaycanın Avropanın enerji təminatçısı kimi rolunu dəyərləndirən İlham Əliyev çıxışında qlobal miqyaslı layihələrin ilk öncə İtaliya ilə qurulduğunu və ölkəmizin uzun illərdir İtaliyanın ən böyük neft təchizatçısı kimi tanınmaqda olduğunu diqqətə çatdırdı. Belə ki Azərbaycan İtaliyaya neft tədarükünə görə birinci, qaz tədarükünə görə isə üçüncü yerdədir. "Cənub qaz dəhlizi" və onun tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Qəməri (TAP) ikitərəfli enerji əməkdaşlığının və İtaliyanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm amildir. İlham Əliyev Azərbaycanın qaz ethiyatlarından da söz açaraq bu il qazın həcminin daha da artırılması və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac edilməsinin planlaşdırıldığını vurğuladı.”
Deputat bildirib ki, cənab İlham Əliyevin xüsusi qonaq qismində İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı, eləcə də Prezidentin "Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu" mövzusunda çıxışı çox böyük marağa səbəb olub:
“Məlum olduğu kimi "The European House - Ambrosetti" İtaliya və Avropa üçün yüksək potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksəksəviyyəli müzakirə platformaları təqdim edir. Müxtəlif illərdə Çernobbio forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər. Foruma xüsusi qonaq kimi dəvət edilən İlham Əliyev çıxışında bir daha Azərbaycanın iqtisadi qüdrətindən söz açaraq həyata keçirdiyi mühüm qlobalmiqyaslı layihələrdən söz açdı və ölkəmizin Avropa üçün əhəmiyyətini dəyərləndirdi.”
A.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin səfərinin nəticələrini təhlil edərkən bir daha görürük ki, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir: “Təcrübəyə əsasən, ölkələr arasındakı siyasi əlaqələr mükəmməl olduqda bu, iqtisadi, ticarət və digər sahələrdədə əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradır. Bu mənada Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına təkan verir. Bütövlükdə, İtaliya səfəri Prezident İlham Əliyevin yürütdüyü siyasətin qlobal miqyasda ehtiramla qarşılanmasının və özünün siyasi lider kimi dünyadakı nüfuzunun bariz təcəssümü kimi tarixə düşdü.”