ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlama dərin təəssüf hissi doğurur.
“Unikal” xəbər verir ki, bu, Milli Məclisin sədri Sahibə Qafarovanın ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində səsləndirdiyi açıqlamasına dair bəyanatında yer alıb.
“2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycanla Ermənistan arasında delimitasiya olunmamış şərti sərhəddəki genişmiqyaslı hərbi təxribat məhz Ermənistan tərəfindən törədilmişdir. Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunub saxlanılması istiqamətində hərəkətə keçərək, müvafiq cavab tədbirləri görmüşdür. Hazırda tərəflər arasında atəşkəs əldə olunmuş və vəziyyətin daha da gərginləşməsinin qarşısı alınmışdır”, - Sahibə Qafarova qeyd edib.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı, regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylər göstərdiyi halda, Ermənistan özünün destruktiv mövqeyi və hərbi təxribatları ilə sülh prosesinə ardıcıl şəkildə zərbə vurur. Bu addımlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür:
“ABŞ Nümayəndələr Palatasının spikerinin açıqlaması baş vermiş hadisələrə obyektivlikdən uzaq, qərəzli və birtərəfli yanaşmanı əks etdirir. Öz siyasi karyerası ərzində ermənipərəst siyasətçi kimi tanınan Nensi Pelosinin bu açıqlamanı erməni təbliğatının təsiri altında verdiyi şübhə doğurmur. Ermənistana səfər edən nümayəndə heyətinin tərkibinə üç nəfər ermənipərəst Konqres üzvünün daxil edilməsi də bunun növbəti bariz təzahürüdür. Digər tərəfdən, ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən öncə reallaşdırılan bu səfərin ABŞ-dakı erməni lobbisinin dəstəyini qazanmağa xidmət edən addımlardan biri kimi xanım spikerin şəxsi maraqlarına xidmət etdiyi də aydındır.
ABŞ Nümayəndələr Palatasının spikeri anlamalıdır ki, onun bu açıqlaması Ermənistanda revanşizm meyllərini gücləndirməklə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə və regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması səylərinə ciddi zərbə vurur.
Təəssüf doğuran başqa bir məqam budur ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı dövr ərzində Nensi Pelosi kimi siyasətçilərin beynəlxalq hüququn norma və prinsiplərini, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatlarının heç vaxt şahidi olmadıq. Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasətinə, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, işğal altındakı ərazilərimizdə vandalizm aktlarının törədilməsinə, şəhər və kəndlərimizin dağıdılmasına baxmayaraq, onlar susmağa üstünlük verdilər və heç bir mövqe bildirmədilər. Belə olduğu təqdirdə, ABŞ Konqresi Nümayəndələr Palatasının spikerinin erməni təbliğatının təsiri altında verdiyi bu açıqlama sadəcə olaraq ikili standartların növbəti bariz nümunəsi kimi qiymətləndirilməlidir”.