"Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirlər provakasiya xarakterlidir. Onlar erməni lobbisinin təsiri ilə Azərbaycanda, o cümlədən bu regionda sülhün olmamasına yönəldilmiş siyasət aparırlar".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı danışarkən deyib. Komitə sədri bildirib ki, onlar yalnız müharibə vasitəsilə vəzifələrini, gəlirlərini xaricdən təmin edirlər:
"Bu şəxsləri Ermənistanın içərisində olan çaxnaşma, regionda sabitliyin olmaması, müharibələr, insan itkiləri maraqlandırmır. Bu addımların hamısı öz məqsədlərinə çatmaq üçündür. Həmçinin, noyabrda ABŞ-da seçkilər olacaq. Bu seçkilərdə erməni lobbisinin səslərini toplama da onun əsas məqsədlərindən biridir".
S.Seyidov qeyd edib ki, onlar regionda geosiyasi oyunlarda iştirak edərək regionu çalxalamaq, stabillikdən və sülh müqaviləsindən uzaqlaşdırmaq istəyirlər: "Faciə ondan ibarətdir ki, sülh bunlara sərf eləmir. Erməni xalqını oyuncaq kimi istifadə edirlər. Erməni xalqının faciəsi ondan ibarətdir ki, rəhbərliyə gələn şəxslər bunu başa düşmürlər. Anlasalar da, əməl edə bilmirlər".
Anar Kəlbiyev