Mərkəzi Amerika ölkəsi El Salvadorda güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.
"Unikal" xəbər verir ki, təbii fəlakət nəticəsində 7 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
Ölkənin Mülki Müdafiə Direktoru Luis Amaya açıqlamasında bu gün ölkənin iki fərqli şəhərində baş verən sürüşmə nəticəsində ümumilikdə 7 nəfərin həyatını itirdiyini, 1 nəfərin isə yaralandığını bildirib.
Torpaq sürüşmələrindən birinin paytaxt San Salvadorun 16 kilometr cənub-qərbində yerləşən Huizucar şəhərindəki kənddə baş verdiyi və 3-ü uşaq olmaqla ümumilikdə 5 nəfərin dağılmış evdə həyatını itirdiyi bildirilib. Pançimalko şəhərində baş verən digər sürüşmədə isə evlərinin torpaq altında qaldığı 2 nəfərin həyatını itirdiyi, 1 nəfərin isə yaralandığı bildirilib.Səlahiyyətlilər təbii fəlakətlə əlaqədar təcili yardım qruplarının bölgəyə çatdığını və vətəndaşlara dəstək verdiyini bildirib. El Salvador Mülki Müdafiə Agentliyi ölkənin okean sahillərindəki 29 şəhərində narıncı, digər şəhərlərdə isə son günlər bölgədə təsirli olan şiddətli yağışlar səbəbilə sarı həyəcan siqnalı verildiyini açıqlayıb.