Gürcüstan Azərbaycan və Ermənistan arasında dialoqa vicdanlı vasitəçi kimi xidmət edir.
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışı zamanı deyib.
O, bildirib ki, Gürcüstanın irəli sürdüyü “Dinc Qonşuluq Təşəbbüsü” nə hər hansı dialoq platformasının əvəzedicisidir, nə də ona qarşıdır.
“Bizim artıq mina xəritələrinin Azərbaycana verilməsi qarşılığında saxlanılmış 15 erməninin ölkəsinə qaytarılması kimi nəticələrimiz var. İyul ayında ilk dəfə olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri Tbilisidə görüşdülər.
Biz regionumuza çox vacib hesab edilən sülh və sabitliyin gətirilməsi üçün dialoq məkanı kimi xidmət etməyə hazırıq. Bunun üçün Gürcüstan Cənubi Qafqazın hər üç ölkəsinin iştirakını nəzərdə tutan “Dinc Qonşuluq Təşəbbüsü”nü təşviq edir.Gürcüstan regional əlaqələrin normallaşmasında vicdanlı vasitəçi kimi xidmət edir”, - deyə Qaribaşvili vurğulayıb.
Qaribaşvili Cənubi Qafqaz ölkələrini və regionun inkişafında maraqlı olan Qərb ölkələrini əməkdaşlığa çağırıb.
“Bizim məqsədimiz Cənubi Qafqazı fürsətlər regionuna çevirməkdir. Biz inanırıq ki, Cənubi Qafqazın bütün ölkələri və Qərbdən olan müttəfiqlərimiz bu əməkdaşlıqdan faydalanacaqlar”, - deyə Gürcüstanın Baş naziri vurğulayıb.