"Görünən odur ki, Rusiya əvvəlki planlarından imtina edir. Fevral ayında planları ondan ibarət idi ki, Ukraynanı tamamilə məğlub etsinlər və bu ölkədə Rusiyaya bağlı hökumət qursunlar. Bu, baş tutmadı".
Bunu "Unikal"a açıqlamasında REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, görünən odur ki, Rusiya indiyə qədər haranı işğal edibsə, həmin yerlərdə referendum keçirərək oranı öz ərazisi kimi rəsmiləşdirmək istəyir:
"Bu, mənasız bir addımdır. Referendum silah kölgəsində olmalı deyil. Müharibə gedən yerdə referendum ola bilməz. Rusiya referendum edəcəyi ərazilərin faktiki öz ərazisi olduğunu elan edəcək. Həmin ərazilərə olan hücumları Rusiya ərazisinə təcavüz kimi dəyərləndirərək, nüvə silahından istifadə etmək haqqının olduğunu bəyan edəcək. Daha çox buna çalışdıqları görünür. Rusiyanın təcavüzü təhlükəli bir məqama daxil olur. Dünya tərəfindən bu referendumlar tanınmır. Ukrayna tərəfi elan etdi ki, referendumlara baxmayaraq, öz ərazilərini işğaldan azad etməkdə davam edəcək. Müharibə Rusiyanın işğaldan sonra öz ərazisi elan etdiyi yerlərə getdikcə, Rusiyanın Ukraynaya kəskin raket zərbələri endirməsi gündəmə gələcək. Güman ki, indiyə qədər olandan daha çox raket zərbələri endirəcək ki, Ukraynanı danışıqlara məcbur etsin. Hətta dünyanı lərzəyə salacaq addımlar da ata bilər".
N.Cəfərli xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə edə biləcəyini elan edib: "Bu həm də faktiki olaraq döyüş meydanında uğursuzluqların etirafıdır. Rusiya tərəfi döyüşdə uğur əldə etsəydi, nüvə silahından danışmazdı. Bu elə bir təhdiddir ki, ondan istifadə edə bilər. Bu isə dünyanın sonunu gətirə biləcək və ya böyük fəalkətlərə səbəb olacaq addım olar. Müharibə həddindən artıq qeyri-sabit dönəmə qədəm qoyub".
Anar Kəlbiyev