Ağdaş Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, rayonunun Hapıtlı kənd sakini Günel Mərdanova sentyabrın 17-də xəstəxanada dünyaya əkiz oğlanlar gətirib.
Əkizlərdən biri Elvin Mərdanov sentyabrın 23-də dünyasını dəyişib.
Körpənin fizioloji sarılığın ağırlaşmasından öldüyü bildirilir.
TƏBİB-dən bildirilib ki, 1999-cu il təvəllüdlü vətəndaş sentyabrın 11-də yalançı doğuş sancısı ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına daxil olub:
“Sentyabrın 17-nə qədər xəstəxanada stasionar müalicə aldıqdan sonra elə həmin gün 39 həftəlik hamiləliklə planlı şəkildə qeysəriyyə əməliyyatı icra olunub. Pasiyentin 2 400 və 3 000 qram çəkilərində əkizləri dünyaya gəlib. Stasionar yatışdan sonra ana və övladları sağlam şəkildə ayın 21-də evə buraxılıblar.
Sentyabrın 22-də isə saat 22 radələrində ailə uşaqların biri üçün yenidən xəstəxananın Təcili Yardım şöbəsinə müraciət edib. Uşağa zəruri tibbi xidmət göstərildikdən və müşahidə altında saxlanıldıqdan sonra stabil vəziyyətdə evə buraxılıb. Ayın 23-də səhər saat 05 radələrində ailə tərəfindən yenidən Təcili Tibbi Yardıma müraciət edilib. Körpə xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib”.
Hazırda ölüm faktı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırılma aparılır.