Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.

Hər ikisi xəstəxanaya sol ayağın baldır nahiyəsinin travmatik amputasiyası, çox saylı qəlpə yaraları diaqnozu ilə daxil olub.

Hazırda hər iki pasiyent əməliyyatdadır.

Onlardan birinin vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

***

13:00

Oktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə Tərtər rayon prokurorluğuna məlumat daxil olub.

"Unikal" xəbər verir ki, aparılmış araşdırmalarla rayonun Qızıl oba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.