Suraxanı rayonu ərazisində hərbi sursat aşkar edilib.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın iki ədəd döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.