Fransanın “La Gazette” (https://www.lagazetteaz.fr/) xəbər portalında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (İGB) işə salınması və bu boru kəməri vasitəsilə Azərbaycanın Avropanın enerji təchizatı üçün ən real imkanları təklif etdiyi barədə məqalə dərc olunub.

"Unikal" xəbər verir ki, məqalədə bilidirilib ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) Avropanın enerji təhlükəsizliyi üçün vacib layihədir. “Bu boru xətti Bolqarıstan üçün oyunun qaydalarını dəyişir. Bu, həm də Avropanın enerji təhlükəsizliyi üçün vacib töhfədir.”

Həmçinin vurğulanıb ki, IGB Bolqarıstana Azərbaycan qazını, xüsusən də Azərbaycanın “Şahdəniz-2” qaz-kondensat yatağında hasil olunan qazı almağa imkan verəcək qaz kəməridir. IGB TAP-a birləşdiriləcək və onun vasitəsilə “Şahdəniz” yatağından qaz Avropa bazarlarına çıxarılacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin Sofiya şəhərində IGB-nin açılış mərasimindəki nitqindən bir iqtibas verərək, məqalədə qeyd olunub ki, Azərbaycan bu gün Avropanın etibarlı qaz təchizatçısına çevrilib, tezliklə elektrik təchizatçısına da çevriləcək.

“Ötən il Azərbaycanın qaz ixracı 19 milyard kubmetr olub. Bu il isə bu göstəricinin 22 milyard kubmetrə yüksəldiləcəyi planlaşdırılır ”, -deyə məqalədə bildirilib.

Məqalədə əlavə olunub ki, daha çox ölkə qaz almaq və ya artıq tədarük olunan həcmi artırmaq üçün Azərbaycana üz tutur.

“Artıq Avropa İttifaqı ilə Azərbaycan arasında 2027-ci ilə qədər Cənub Qaz Dəhlizinin gücünün iki dəfə artırılması ilə bağlı konkret razılaşma mövcuddur. Ona görə də əminliklə demək olar ki, Azərbaycan Avropanın enerji təchizatı üçün ən real imkanları təklif edir ”, -deyə yekun olaraq qeyd olunub.