Daxili İşlər Nazirliyi Sumqayıtda 81 yaşlı kişinin qətli barədə məlumat yayıb.
DİN-dən "Unikal"a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə cari il avqustun 14-də 81 yaşlı Nadir Rzayevin Sumqayıt şəhərində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən onun yerinin müəyyən olunub tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Oktyabrın 3-də saat 19 radələrində N.Rzayevin üzərində zorakılıq əlamətləri olan meyitinin evinin həyətində basdırılmış vəziyyətdə tapılması ilə əlaqədar şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Abbasovun N.Rzayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
S.Abbasov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
***10:06
Sentyabrın 14-ü Sumqayıt Şəhər Polis İdarəsinə 1941-ci il təvəllüdlü Nadir Rzayevin itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.
Sumqayıt şəhər prokurorluğundan "Unikal"a verilən məlumata görə, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin tanışı 1977-ci il təvəllüdlü Samir Abbasovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nadir Rzayevi boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Samir Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.