"Məktəbdə zorakılıq səhnəsini ürək ağrısı ilə seyr edirsən. Kimi suçlayasan? Ev, valideyn, məktəb, müəllim, direktor, sinifdəki şagirdlər, nazirlik, döyən, hətta döyülən- hamısının bu şəraitin yaranmasında günah payını tapa bilərsiniz".
"Unikal" xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib. O bildirib ki, ən əsas olan boşluq müəllim avtoritetinin olmamasıdır:
"Müəllimi elə sındırıblar ki, uşağa söz deməyə risk etmir. Əsas işi də səhərdən-axşamacan yazı yazmaq, yaxud da sertifikasiyaya hazırlaşmaqdır. Praktiki olaraq hər şagirdə diqqət yetirmək imkanı olmur. Bu cür köntöy şagirdlər, eləcə də məzlum şagirdlər hər məktəbdə var. Ancaq səviyyəli idarəetmə olan məktəblərdə məktəbin təlim-tərbiyə standartlarına hamısı tabe olur. Videonu çəkən, eləcə də aralaşdırmağa cəhd etməyənlərin də biganəlikləri düşündürücüdür. Bu cür videoları uşaqların üzlərini qapadaraq paylaşmaq zəruri idi. Ancaq mütləq paylaşılmalıdır ki, gerçək vəziyyətin cüzi bir qismi ilə cəmiyyət tanış olsun. Bəs digər zorakılıqlar barədə aşkarlıq varmı? Cinsi və ya maddi zorakılıqlar, hamiləlik, pedofiliya, narkomaniya faktları da məktəblərimizdə yetərincə qulağımıza çatır. Tədbir-filan görülməsi boş şeydir".
Deputat qeyd edib ki, bu, müstəqillik dövrümüzdə sanki məqsədyönlü şəkildə təhsilə ancaq pul qazanma yeri kimi baxılmasının yekun tablosudur:
"Burada vəziyyətin daha faciəli yön almaması üçün müəllimin sələhiyyətləri, sinfə müdaxilə imkanları artırılmadıdır. Çünki, güclü direktorun olması belə hər bir detala nəzarət etməyə yetərli sayılmaz. Müəllim güclü, xarakterli və səlahiyyətli olmalıdır. Başlıcası da sinfə hakim olmalıdır. Ancaq bu səlahiyyət valideynlərdən hədiyyə, pul qoparmaq fürsəti kimi anlaşılmamalıdır. Bunları sözgəlişi yazıram. Çünki son vaxtlar hansısa quruma, vəzifəli şəxsə təklif verməyi dayandırmışam. Səbəb sadədir: Azərbaycan dilində dediklərim anlaşılmır. Başqa dildə də yazmağıma və ya söyləməyimə Konstitusiyamız izn vermir".
Anar Kəlbiyev