5 oktyabr 2022-ci il tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, məktəb direktorları, idarə, müəssisə, təşkilat rəhbərləri və müəllimlər iştirak ediblər.         

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov  qeyd etdi ki, 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 2000-ci ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur. 

Bəşəriyyətin min illər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: “Müəllimlik peşəsi hər zaman ən yüksək zirvədə olan peşədir”. Bu gün də dövlət rəhbərimiz cənab İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək onlara daim diqqət və qayğı göstərir. Təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları, habelə, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.                            

Qeyd olundu ki, bugünədək rayonumuzda fəaliyyət göstərən 10 müəllim “Tərəqqi” medalına, 11 müəllim  isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 

Bu il rayonumuzun H.Quliyev adına Çaytumas kənd məktəb liseyi, B.Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbi və Ş.Kərimov adına Çərəli kənd tam orta məktəbləri qəbul imtahanlarında 100% nəticə göstərmişlər. Belə ki, Çaytumas məktəb liseyində məktəbi bitirən 39 məzunun hamısı, Dəmirçilər kənd tam orta məktəbində ali məktəblərə sənəd verən 9 məzun, Çərəli kənd tam orta məktəbində  isə sənəd verən 6 məzunun hamısı tələbə adını qazanıb. 

Müəllimlərimizin əməyinin nəticəsidir ki, cari ildə  649 məzundan 573 nəfəri sənəd vermiş və onlardan 421 nəfəri ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 43 nəfər məzun 500-600 arası, 25 nəfər məzun isə 600-700 arası bal toplamışdır. Bu il rayonumuz üzrə qəbul faizi  73.5% təşkil edir. Həmçinin qeyd olunmalıdır ki, bu il Əliquluuşağı kənd tam orta məktəbin məzunu Həbibov Nəsib Həbib oğlu Təhsil Nazirliyi tərəfindən qızıl nişanla, K.Mirzəyev adına Xanlıq kənd-1 saylı tam orta məktəbin məzunu Tağıyev İlkin Vüsal oğlu isə gümüş nişanla təltif olunmuşdur.

Rayon üzrə ən yüksək nəticəni isə Xanlıq-2 saylı tam orta məktəbin məzunu Humaylı Xalidə Nizami qızı göstərmiş, 678,9 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür. 
Butün bunlar cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.

Çıxış edən Şərqi Zəngəzur Regional Təhsil idarəsinin müdiri Fuad Bədəlov və digər təhsil işçiləri həm məcburi köçkünlük dövründə onlara tədris üçün yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya, həm də işğaldan azad olunmuş rayonumuzda qısa müddətdə görülmüş işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova öz minnətdarlıqlarını bildirdilər və tezliklə fəaliyyətlərinin işğaldan azad olunmuş torpaqlarımızda davam etdirilməsini arzuladılar. 

Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edərək, onlara can sağlığı, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar diləyərək, təhsil inqilabında daim onlara mübariz və daha çox Azərbaycanın gələcəyi üçün əsl vətənpərvərlər yetişdirməyi arzulayıb. 

Rayon İcra Hakimiyyətinin başçısı 5 oktyabr-Beynəlxalq Müəllimlər günü münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayon Çaytumas kənd məktəb liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Sevil Əkbər qızına əməkdar müəllim adı verilməsi münasibətilə təbrik edib. 

Daha sonra fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə Rayon İcra Hakimiyyətinin  başçısı tərəfindən Fəxri Fərmanlar  təqdim olunub.