Azərbaycan “OPEC plus”un gündəlik neft istehsalının 2 mln. barrel azaldılması qərarını dəstəkləyib.
Bu barədə "Unikal"a Energetika Nazirliyindən bildirilib.
Belə ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 mln. barrel azadılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin bu yeni öhdəlikləri cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilib. Razılaşmanın müddəti 2023-cü ilin 31 dekabr tarixinədək uzadılıb.
Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel təşkil edir. Beləliklə, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılmasını nəzərdə tutur.
“OPEC plus”un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib.
18:36
OPEC+ üzvü olan ölkələr ABŞ -ın tələblərinə baxmayaraq, gündəlik neft hasilatını 2 milyon barel azaltmağa razılaşıblar.
"Unikal" xəbər verir ki, bu barədə “ Reuters” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, qərar noyabrda qüvvəyə minə bilər.
Financial Times daha əvvəl yazmışdı ki, Rusiya və Səudiyyə Ərəbistanı "gündə 1-2 milyon barel və ya daha çox ixtisarda israrlıdır" və bu, bir neçə ay ərzində mərhələli şəkildə həyata keçiriləcək. Nəşrin analitiklərinin fikrincə, bu addım, çox güman ki, ABŞ-ın cavab tədbirləri, o cümlədən ölkənin strateji neft ehtiyatından neftin əlavə olaraq buraxılması ilə nəticələnəcək.
ABŞ Küveyti , Səudiyyə Ərəbistanını və BƏƏ -ni xam neft hasilatını azaltmaq qərarına səs verməkdən çəkindirməyə çalışıb. CNN-in məlumatına görə, Ağ Ev neft hasilatının azaldılmasını “ümumi fəlakət” və “düşmənçilik aktı” adlandırıb.
Bloomberg yazıb ki, Çində karantin rejiminin başa çatması qlobal neft bazarına gözlənilməz təsir göstərə bilər ki, bu da qlobal xammal ehtiyatlarının kəskin azalmasına və səhm qiymətlərinin artmasına gətirib çıxarır. Bundan əlavə, Səudiyyə Ərəbistanının gündəlik neft hasilatını indiki 12 milyon bareldən 2027-ci ilə qədər 13 milyona çatdırmaq planları çox milyardlıq investisiyalar tələb edəcək. Bu baxımdan, xammala qlobal tələbatın artacağı təqdirdə yaxın gələcəkdə dünyanın yeni iri yataqların kəşfiyyatına ehtiyacı olacaq, deyə agentlik yekunlaşdırıb.
Gültəkin Ələsgər