Cenevrədə 10 aylıq fasilədən sonra Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə dair Rusiya-Gürcüstan danışıqlarının yeni raundu başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə danışıqlarda Gürcüstan nümayəndə heyətinin rəhbəri, Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya bildirib.
Onun sözlərinə görə, danışıqların Cenevrədə keçirilməsi mühüm nailiyyətdir, ilk növbədə ona görə ki, Gürcüstan-Rusiya münaqişəsi beynəlxalq ictimaiyyətin gündəliyində duran əsas məsələlərdən biridir. “Gürcüstanın tərəfdaşları olan Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, ATƏT və ABŞ-ın səyləri bugünkü danışıqları başa çatdırmaq üçün vacibdir”.
Sonuncu danışıqlar prosesi ötən il dekabrın 7-8-də Cenevrədə baş tutub. Növbəti danışıqlar prosesi bu ilin martında keçirilməli idi, lakin ləğv edildi.
Gültəkin Ələsgər