“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təmiatının yaxşılaşdırılması məqsədilə Binəqədi qəsəbəsində yeni layihənin icrasına başlayıb.
"Unikal" xəbər verir ki, dövlət investisiyası hesabına icra olunan layihə çərçivəsində Binəqədi qəsəbəsi 4-cü Qapı adlanan ərazidə yaradılan yeni mərkəzləşdirilmiş içməli su şəbəkəsi 700-dək ailəni dayanıqlı içməli su ilə təmin edəcək.
Binəqədi qəsəbəsi 4-cü Qapı adlanan yaşayış massivində indiyədək mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi mövcud olmayıb. Ərazinin bir hissəsində əhali tərəfindən fərdi qaydada su xətləri çəkilib və həmin xətlər də tikinti normalarına cavab vermədiyindən istismara yararsız vəziyyətdədir. Fərdi şəbəkələrdə tez-tez baş verən qəzalar sistemdə sabit hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradır. Şəbəkə olmayan ərazilərdə isə sakinlər içməli suyu maşınlarla əldə edirdi.
Pərakəndə çəkilmiş su xətlərinin ləğv edilməsi, su itkilərinin minimuma endirilməsi və istehlakçıların su təminatının yaxşılaşdırılması məqsədilə icra olunan yeni layihə çərçivəsində ərazidəki istismar tələblərinə cavab verməyən fərdi su xətləri ləğv olunur, müxtəlif diametrli borularla 7,6 km uzunluğunda içməli su şəbəkəsi yaradılır. Layihənin əhatə etdiyi ərazidə 700-dək fərdi yaşayış evi və obyekt yeni şəbəkəyə qoşulacaq, hər bir abonent sayğacla təmin olunacaq. Layıhə üzrə işlərin ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Yeni yaradılmış infrastruktur sakinlərin dayanıqlı içməli su ilə təminatına imkan verəcək, dəqiq uçot qurulacaq, su itkilərinin qarşısı alınacaq.
Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən dövlət investisiyası hesabına Binəqədi qəsəbəsi ilə yanaşı, Sabunçu, Zabrat, Mərdəkan və Qala qəsəbələrində layihələrin icrası davam etdirilir. Bu layihələr çərçivəsində həmin qəsəbələrdə yeni mərkəzləşdirilmiş içməli su şəbəkələri yaradılır, abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılır.