ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni təyin olunan direktoru Maykl Nirbas bölgələrə ilk səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) baş çəkib.
"Unikal" xəbər verir ki, Maykl Nirbas ilə birgə Layihələrin idarə edilməsi üzrə mütəxəssis Samir Həmidov, kommunukasiyalar üzrə mütəxəssis Vüqar Nağıyev, Özəl sektorun inkişafı layihəsi üzrə Matt Weber və Elvin Ağayev ilə görüşən Universitetin rektor əvəzi Zəfər Qurbanov ADAU ilə USAID arasında həyata keçirilən və davam edən layihələri yüksək qiymətləndirib. Həmçinin, o bildirib ki, gələcəkdə də ali təhsil müəssisəsində keyfiyyətli kadr hazırlığında USAID-in danılmaz rolu olacağından əmindir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiyasının direktoru Maykl Nirbas bölgələrə ilk səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Unviersitetinə gəlməsinin təsadüfi olmadığını deyib. Agentliyin həyata keçirdiyi layihələr haqqında məlumat verən Maykl Nirbas qarşılıqlı əməkdaşlıq perspektivləri ətrafında da müzakirələr aparıb.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Görüşdən sonra qonaqlar Universitetin Tədris-təcrübə təsərrüfatında yerləşən ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə həyata keçirilən birgə layihələrə - tutumu 16 olan soyuducu anbara və intensiv meyvə bağlarına baş çəkiblər.
Qeyd olunub ki, USAID-in maliyyələşdirdiyi soyuducu anbar və nümunəvi meyvə bağları Azərbaycanda yerli iqtisadiyyatın və kənd təsərrüfatı sektorunun inkişafını dəstəkləyəcək, eləcə də kənd yerlərində gəlirlərin artırılmasında, güclü və dayanıqlı icmaların qurulmasında mühüm rol oynayacaq.