Ötən gün vəfat edən bəstəkar Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Azərbaycana gətiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məlumat verib.
O bildirib ki, bəstəkarın vəfatı ilə əlaqədar onun Honkonqda yaşayan qızı Canana ilə əlaqə saxlayıblar:
“Ruhəngiz xanımın nəşinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi olaraq bütün lazım olan köməyi göstərməyə hazır olduğumuzu bildirdik. Mərhumun qızı bildirdi ki, bütün prosedurlar mərhələli şəkildə həyata keçirilir və bir iki günə yola çıxmağı düşünürük. Canana xanım Diaspor Komitəsinə minnətdarlıq etdi və heç bir köməyə ehtiyac olmadığını bildirdi. Bəstəkarın qızı əlavə etdi ki, belə çətin zamanda Komitənin vaxt itirmədən bizi axtarmasına sevindik, inanırıq ki, hər hansı çətinlikdə Azərbaycandan bizə arxa duran təşkilat və insanlar var”.
***09:35
Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova Honq-Konqda olarkən vəfat edibmiş.
"Unikal" xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov "Instagram"da səhifəsində paylaşım edib.
***20:09
Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ömrünün 82-ci ilində vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev bildirib.
Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.
Azərbaycan musiqisi mədəniyyətinə, incəsənətinə böyük töhfələr vermiş bəstəkar Ruhəngiz Qasımovanın lirik, vətənpərvərlik mövzulu çoxsaylı mahnıları, musiqi əsərləri var. Onun “Yollar görüşəndə”, “Ömrün yolları”, "Qonşu qonşu olsa...” musiqili teletamaşaları tamaşaçıların böyük rəğbətini qazanıb və hər nəslin sevilən ekran əsərinə çevrilib.
R.Qasımova 16 sentyabr 2005-ci ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına, 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 17 sentyabr 2019-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülüb.
Allah rəhmət etsin!
Seymur Əli