Yuxarı Şirvan kanalında sürüşmə olan hissələrdə işlərə başlanılıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov "Unikal"a bildirib ki, 64 il öncə istifadəyə verilən Yuxarı Şirvan Kanalı başlanğıcını Mingeçevir Su Anbarından götürür. Kanala su baş qurğu vasitəsi ilə ötürülür, maksimum su aparma qabiliyyəti 78 m³/san-dir. 2022-ci ilin əvvəlindən bu günə kimi Yuxarı Şirvan Kanalı vasitəsi ilə anbardan 1148 mln m3 su götürülərək, 1044 mln m3-i istehlakçılara çatdırılıb. Kanal üzərində 129 ədəd sadə və mürəkkəb quruluşlu hidrotexniki qurğular mövcuddur. Onlardan 36-ı suburaxıcı qapılardır. Kanal öz xətti boyunca səkkiz çayla kəsişir. Onların 6-sı dükerlərlə, 2-i isə akveduklar vasitəsilə həyata keçirilir. Bu çaylar Əlicançay, Türyançay, Göyçay çay, Dəvəbatan çay, Girdiman çay Nəzirçay və Ağsu çaylarıdır. Kanala 2022-ci ildə daha çox su ötürüldüyündən müxtəlif ərazilərdə sürüşmələr baş verib. Sürüşmələr əsasən kanalın keçdiyi Göyçay və Ağdaş ərazisində qeydə alındığına görə, yaxınlıqdan keçən dəmir yolu və avtomobil yoluna təhlükə yaranıb. Artıq bunun qarşısını almaq məqsədilə Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən təxirəsalınmaz işlərə başlanılıb.
Suvarma məqsədi ilə inşa edilən kanalın 95 km-dən artığı torpaq məcralı, 27 km-i isə beton üzlüklüdür. Bu günə kimi Yevlax ərazisində 3,2 km, Göyçay –İsmayıllı ərazisindən keçən hissədə 15 km, Ağsu – Kürdəmir ərazisindən keçən hisssədə 15 km ərazi lildən təmizlənib. Türyançay və Göyçay çaylarının məcralarında vaxtaşırı sel sularını keçirmək üçün 3870 paqonometr uzunluğunda 90 min m3 məcra tənzimlmə işləri görülüb.
Qeyd edək ki, Yuxarı Şirvan Kanalının uzunluğu 122,2 km-dir. Kanal Şirvan düzünün 10 rayonunda 140 min ha əkin sahəsinə xidmət edir. Bu rayonlar Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Ağsu, Şamaxı, İsmayıllı və Hacıqabuldur.