"Son 30 ildə Ermənistan tərəfindən Azərbaycan xalqına, hərbçilərinə qarşı xeyli cinayət həyata keçirilib. Dünya mediası isə bütün bunları işıqlandırmır və ikili standartlar tətbiq edirlər".
"Unikal" xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. O bildirib ki, 1992-ci ildə Ermənistanın Xocalıda törətdiyi vəhşiliklər gözardı edildi və buna səssiz yanaşıldı:
"Amma heç də dəqiq olmayan hadisələrlə əlaqədar Azərbaycan dövləti cinayətkar kimi göstərilir. Guya, Ermənistan hərbçilərinə qarşı zorakılıq edən azərbaycanlıların iddia olunduğu məsələ ilə bağlı 10 istintaq işi başladılıb. Azərbaycan ərazisində bütün millətlər rahat və sərbəst şəkildə yaşayırlar. Hətta ölkəmizdə olan ermənilərə belə təzyiq edilmir və onlar Azərbaycan xalqından fərqləndirilmir. Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi cinayətlər barədə kifayət qədər dəlil mövcuddur. Amma dünya ictimaiyyəti bunu görmək istəmir".
İdarə rəisi qeyd edib ki, prokurorluq orqanlarında Ermənistana qarşı 1200-ə qədər cinayət işi başlanıb, 360 erməninin axtarışları isə davam etdirilir:
"Mina partlayışları nəticəsində 34 mülki azərbaycanlı həyatını itirib. Bu minalar ərazilərimizi tərk edərkən ermənilər tərəfindən basdırılıb. Bundan başqa, işğaldan azad olunmuş ərazilərimizdə də yeni basdırılmış minalar aşkarlanır. Ermənistan tərəfindən döyüşən 17 muzdlunun olduğuna dair əlimizdə faktlar var. Bu, hüquqazidd davranışdır”.