Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna səfəri zamanı Ağdam şəhərində yaşayış məhəlləsinin, həmçinin rayonun Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinin təməli qoyulub. Böyük Qayıdış tədbirləri çərçivəsində görülən işlər, erməni vandalizminə məruz qalmış yurd yerlərimizin müasir tələblər əsasında yenidən qurulması, layiqli həyat şəraiti ilə təmin olunan şəhər və kəndlərin salınması məcburi köçkün həmvətənlərimizdə məmnunluq və minnətdarlıq hissi doğurur.
"Unikal" xəbər verir ki, Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Ağdam şəhərinin, Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinin sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.
Təqdim edilən videoçarxda Xıdırlı kənd sakinləri Vahid və Zahid Məmmədovlar təməlqoyma mərasimini böyük sevinc və qürur hissi ilə izlədiklərini bildirirlər. Gələcəyə böyük ümidlə baxdıqlarını qeyd edən məcburi köçkünlər dogma yurda köçüb, onun daha da çiçəklənməsinə töhfə vermək arzusundadırlar. Onlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirlər.