Vətəndaş məmnunluğunu təmin etmək məqsədilə SOCAR “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Açıq mikrofon” aksiyası davam edir.
"Unikal" xəbər verir ki, “Səyyar qəbul otağı”nda həftənin ilk müraciətləri Lənkəran şəhərinin sakinləri tərəfindən səsləndirilib. Aksiya iştirakçılarının ünvanladığı istək və xahişlər arasında qaz xəttinin yerinin dəyişdirilməsi, sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi və debitor borcun hissələrlə ödənilməsinə güzəşt olunması kimi məsələlər yer alıb.
Lənkəran şəhər sakini Samit Miriyev 10 ildən artıqdır ki, yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binasında ev aldığını, lakin bu günə kimi binanın təbii qazla təmin edilmədiyini bildirib. Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşa bununla bağlı ətraflı məlumat verərək üzləşdiyi problemin hansı səbəbdən qaynaqlandığını izah ediblər. Hər bir müraciət Birliyin Lənkəran RQİİ-nin məsul şəxsləri tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.