8-9 oktyabrda Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Dövlət Turizm Agentliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə Naftalan şəhərində Beynəlxalq Elmi Praktik Konfrans təşkil olunub.
"Unikal" xəbər verir ki, “Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Regionda Yeni Reallıqlar” adlı Beynəlxalq Elmi Praktik Konfransın keçirilməsində əsas məqsəd Naftalan şəhərinin regionda kurort fəaliyyətinin və turizmin inkişafında sinerji mənbəyi kimi rolunun və potensialının dəyərləndirilməsidir.
Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru cənab İlham Mədətov da iştirak etmişdir. Ulu Öndər Heydər Əliyevin abidəsi, Memorial Xatirə Kompleksi, həmçinin işğaldan azad olunmuş Suqovuşan ziyarət olunub.
Naftalanda Turizm İnformasiya Mərkəzinin açılışı olmuşdur, konfrans iştirakçılarının bir qrupuna, o cümlədən xarici qonaqlara Suqovuşanın turizm imkanları ilə barədə məlumat verilmişdir.
Rektor İ. Mədətov “Dayanıqlı Turizm məhsulunun hazırlanmasında mövcud nəzəri biliklər və beynəlxalq təcrübənin tətbiqi” ilə bağlı paneldə Azərbaycan Turizm və Menecment Universitetinin tələbə mübadiləsi və ikili diplom sahəsində xarici əlaqələri, tələbələrin xaricdə, xüsusən İsrail və Türkiyədə 5 aylıq istehsalat təcrübəsi keçmə imkanları və tədris prosesində müalicə sağlamlıq turizminin nəzəri biliklərinin dərindən öyrədilməsi haqqında çıxış edib və sonda iştirakçıların suallarını cavablandırıb.