“Ağcəbidədidə 115 artezian quyusu var, lakin Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən onların cəmi 11-nin bərpasına pul ayrılıb. Əhali mənə müraciət edərək artezian quyularının bərpasını istəyir. Onları inandıra bilmirəm ki, mən artezian quyu vura bilmirəm. Necə olur ki, ASC-nın əvvəlki rəhbəri Əhməd Əhmədzanənin dövründə bu işlər qaydasında gedirdi, indi getmir?”
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Aqil Abbas bildirib.
Millət vəkilinin sözlərinə görə, əhali deputatdan, icra başçısından artezian quyu istəyir: “Bu camaata əkib-biçməyə su lazımdır. Əhali məhsul götürə bilmir. Qabaq Yaponiya Ağcabədidə bir-iki artezian quyusu vurmuşdu. İndi mən yenə Yaponiyaya müraciət etmək istəyirəm.
Çünki icra başçısı dəfələrlə məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət edib, amma nəticə yoxdur. Heç 11 artezian quyusunun bərpası da başa çatmayıb. Yaponiya səfirinə müraciət edim ki, Ağcabədidə yenə artezian quyusu vursun, bu camaat kənddən köçüb getməsin. Təzə kadrlar deyəsən özünü doğrultmur, əzizlərim”.
Anar Kəlbiyev