Oktyabrın 12-də Bişkekdə Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.
Dövlət başçıları məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər.
Sonra Prezident İlham Əliyev və Prezident Sadır Japarov məktəblə tanış oldular.
Məlumat verildi ki, Nizami Gəncəvi adına 103 saylı məktəbin ərazisi 6 hektardan çoxdur. Məktəb binasında 30 sinif otağı, oxu zalı, kitabxana, informatika, biologiya, kimya, coğrafiya, texnologiya, tarix kabinetləri, idman zalı, 240 yerlik akt zalı var. Bundan əlavə, məktəbin həyətində tennis kortu, basketbol, voleybol və futbol meydançaları yaradılıb.
Bildirildi ki, məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin elmin sirlərinə yiyələnmək üçün hərtərəfli şərait yaradılıb.