"Prezident İlham Əliyev 2003-cü ilin 15 oktyabrında keçirilən seçkilərdə xalqın 76 faizdən çoxunun səsini qazandı. 19 il keçib və bu, heç də az müddət deyil".
Bunu "Unikal"a açıqlamasında deputat Elnur Allahverdiyev deyib. O bildirib ki, bu gün İlham Əliyevin elektoral nüfuzu daha da yüksəkdir.
"Bunu sorğuların nəticələri də göstərir. Yəni, istər hazırkı reallıqda, istərsə də seçki tarixi baxımından çox nadir haldır. Çünki adətən ən populyar siyasətçi belə seçildikdən sonra tədricən reytinqini itirir. Adətən prezidentliyə namizəd hansısa problemləri şüar edərək, yaxud xalq narazılığı dalğasında səslərin əksəriyyətini qazanmış olur. Ancaq dövlət idarəçiliyinin sərt gerçəklikləri, yaxud problemlərin çözülməsi üçün ehtiyac duyulan alət və resursların çatışmazlığından seçkidə əldə etdiyi nüfuzu tədricən itirməyə başlayır. Cənab Prezident sonrakı seçkilərdə də seçicilərin mütləq əksəriyyətinin dəstəyini qoruyub saxlamağı bacardı. Bu, həm ona olan xalq rəğbəti ilə, həm də ilk gündən qarşıya qoyulmuş mürəkkəb problemlərin həlli və hədəflərə nail olması ilə əlaqədardır. Biz bu tarixin canlı şahidləriyik, bütün proseslər gözlərimiz önündə cərəyan edib. Bir liderin sosial-iqtisadi çətinliklərin öhdəsindən gəlməsi, ölkəsinə dünyada nüfuz qazandırması, ən əsası 30 illik işğal kimi problemi çözməsi asan deyil və müasir tarixdə az-az qarşılaşılan nümunədir".
Deputat qeyd edib ki, 2003-cü ildə İlham Əliyevin böyük fəqrlə seçkilərdə qalib gəlməsini şərtləndirən vacib amillər var idi:
"Təbii ki, xalq Heydər Əliyev siyasi və dövlətçilik kursunun davam etdirilməsini istəyirdi. Məhz Ulu öndərin hakimiyyəti illərində ölkəmiz həm müharibənin dayandırılmasına nail olmuşdu, həm də daxili siyasi xaosa son qoyulmuşdu. Gənc dövlət sabitliyə, inkişaf illərinə qədəm qoymuşdu ki, seçici bu xəttin davam etdirilməsini istəyirdi. Bu faktorlarla yanaşı İlham Əliyev özü xalq arasında güclü dəstəyə və böyük hörmətə sahib idi. Cənab Prezident istər siyasi, istərsə də ictimai fəaliyyəti ilə xalq arasında populyar idi. Yəni bütün bunlar məcmu halda 2003-cü ilin oktyabr seçkilərində öz rolunu oynadı".
Seymur Əli