“Mən əvvəlcə bizim regionda yaranan vəziyyətlə bağlı həmkarlarımı məlumatlandırmaq istərdim. Həmkarlarım yaxşı bilirlər ki, Azərbaycanın ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı dövründə mən bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmırdım. Çünki münaqişənin nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu məşğul olurdu, o, mandata sahib idi”.
"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında bildirib. Dövlət başçısı qeyd edib ki, təəssüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sıfıra bərabərdir:
“İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib”.