Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel məhbuslar arasında münaqişə nəticəsində yanğının baş verdiyi İranın Evin həbsxanasındakı vəziyyətdən narahatlığını bildirib.
"Unikal" xəbər verir ki, o bu barədə tviterdə yazıb.
“İran hakimiyyəti bütün məhbusların, o cümlədən insan haqları fəallarının və Avropa İttifaqı vətəndaşlarının həyatına cavabdehdir. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiana dərin narahatlığımı bildirdim”, - Cozef Borel qeyd edib.
Avropa diplomatiyasının rəhbəri bildirib ki, Aİ baş verənlərlə bağlı ən şəffaf məlumat gözləyir.
Qeyd edək ki, ötən gün (15 oktaybr - Red) İran paytaxtının Evin həbsxanasında üsyan baş verib. Məhbuslar həbsxanadakı dərzilik sexini yandırıblar. Yanğın nəticəsində 4 məhbus ölüb, 61 nəfər yaralanıb. Hazırda onlardan 10-u xəstəxanada müalicə alır və 4 nəfərin vəziyyəti ağırdır.