Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə şəhər ərazisində nəzarət-yoxlama tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, əvvəlcə yolun müəyyən edilməyən hissəsindən keçərək özləri və digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan piyadalar müəyyən olunub. Onlarla izahedici söhbətlər aparılıb və qaydalara riayət etmələrinin vacibliyi izah edilib.
Daha sonra gecə saatlarına qədər davam edən yoxlamalar zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, qarşı hərəkət zolağına çıxan, sürücülük hüququ olmadan avtmobil idarə edən sürücülər aşkarlanıb. Onlar məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirməyə çalışsalar da, yol polisi qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verib və barələrində inzibati protokol tərtib edib.
Həmçinin, sürücü Kamil Əhmədov istifadəsində olan “BMW” markalı avtomobili üzərində dövlət nömrə nişanı olmadan idarə etdiyi üçün inspektor tərəfindən saxlanılıb. Sürücüyə bu kimi halın yolverilməz olduğu izah edilsə də, o, qanuni tələbə məhəl qoymayıb. Həmin şəxs polis şöbəsinə dəvət olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə K.Əhmədov 10 sutka inzibati həbs edilib.
Şəhər ərazisindən hərəkətin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.