Biz Ermənistanla Azərbaycanın Avropa İttifaqının (Aİ) müşahidəçiləri ilə əməkdaşlıq edib vəziyyətin sabitləşməsinə töhfə verəcəklərini və bununla da sülh danışıqları üçün əlverişli mühitin yaradılmasına, eyni zamanda, sərhəd komissiyalarının məqsədyönlü işinə imkan yaradacaqlarını gözləyirik.

"Unikal" xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "news.am"a müsahibəsində deyib.
O bildirib ki, Aİ-nin mülki missiyasının regionda təhlükəsizlik və son vəziyyətlə bağlı hesabat vermək mandatı var: “Gözləntimiz budur ki, Aİ müşahidəçilərinin mövcudluğu hər hansı mümkün gərginliyin qarşısını almağa kömək edəcək”.

Klaar qeyd edib ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Azərbaycan hissəsində fiziki iştirak olmadan belə, Azərbaycan tərəfi Aİ-nin Monitorinq Missiyası ilə müvafiq kanallar vasitəsilə əməkdaşlıq edəcəyini bildirib.

Xüsusi nümayəndə vurğulayıb ki, Ermənistan XİN başçısı 22 sentyabrda Aİ-nin Ali Nümayəndəsinə ünvanladığı məktubda missiyanın Ermənistan ərazisində yerləşdirilməsini xahiş edib.