Müdafiə Nazirliyi hesabat verəcəkmi?
12:09 06-03-2013
CƏMİYYƏT
Yaşar Cəfərli: “Səfər Əbiyev orduda baş vermiş ölümlərə və qətllərə görə, ən azı, mənəvi məsuliyyət daşıyır və o bilir ki, bu barədə veriləcək sualları cavablandırmaq asan olmayacaq”
Əvəz Temirxan: “Görünür, Səfər Əbiyevin bu postu tutması daha kimlərəsə lazım deyil”
Əsgər ölümlərinə dair faktların artması ciddi etirazlar yaratmaqdadır.
Deputat Qənirə Paşayeva bildirib ki, orduda baş verən intihar hadisələri araşdırılmalıdır və bu hallar ciddi narahatlıq doğurur.
O, məktəblərdə hərbi hazırlıq dərslərinin keyfiyyətinin yüksəldilməsini təklif edib: “Sovet dövründə məktəblərdə hərbi tədris çox yüksək səviyyədə keçirilirdi. Gənclər silahla yaxından tanış olurdular və onlar orduya hazırlıqlı vəziyyətdə gedirdilər. Azərbaycanın bugünkü durumunda hərbi tədrisin keyfiyyəti yüksəldilməli və gənclərə silahla davranış qaydaları öyrədilməlidir”.
Deputat İqbal Ağazadə də əsgər ölümlərindən narahatçılığını bildirib və Müdafiə Nazirliyinin rəhbərliyindən Milli Məclisə hesabat verməyi tələb edib.
Müstəqil hərbi ekspert Yaşar Cəfərlinin “Unikal”a bildirdiyinə görə, “Müdafiə nazirinin Milli Məclisdə millət vəkilləri və o cümlədən cəmiyyət qarşısında hesabat verməsi ənənəsi Azərbaycanda çoxdan unudulub. Səhv etmirəmsə, ötən əsrin 90-cı illərində Rəhim Qazıyevin, Dadaş Rzayev, Tacəddin Mehdiyevin parlamentdə hesabat verdiklərini xatırlayıram. İndiki müdafiə naziri Səfər Əbiyevin hesabat verməyi yadıma gəlmir. Bəlkə də, onun hesabat verməyi olub, amma mən xatırlamıram”.
Ekspertin sözlərinə görə, “İstənilən nazirin parlament və cəmiyyət qarşısında hesabatlı olmağı hüquqi dövlətin göstəricilərindən biridir. Belə olanda nazir həm də öz işinə çox ciddi məsuliyyət hissi ilə yanaşmalı olur. Hesab edirəm ki, müdafiə nazirinin parlamentə
hesabat verməsi həm nazirlik üçün səmərəli olar, həm parlament üçün, həm də cəmiyyət üçün. Hər halda cəmiyyət və millət vəkilləri orduda hazırda yaranmış vəziyyət barədə nazirin dilindən eşitmiş olar”.
Bununla belə, ekspert hesab edir ki, “Müdafiə naziri Səfər Əbiyev parlamentə hesabat üçün dəvət edilsə də, o hər vasitə ilə bundan yayınmağa çalışacaq. Çünki son illərdə Azərbaycan ordusunda yaranmış durum, əsgərlərin döyülməsi, təhqir edilməsi, qeyri-döyüş vəziyyətində ölməsi və ya öldürülməsi faktları getdikcə çoxalır. Fikrimcə, millət vəkillərinin nazirə ünvanlanacaq sualları ilk növbədə bu faktlar barədə olacaq və bu suallara cavab vermək Səfər Əbiyev üçün heç də asan olmayacaq. Ona görə ki, Səfər Əbiyev Müdafiə Nazirliyini, bir növ, özününküləşdirib və kənardan heç kimin orduyla maraqlanmasını istəmir. Hətta ordu ilə maraqlananlara böhtanlar yağdırtırır, mətbuatda hücumlar təşkil edir. Təki onun biznesinə toxunan olmasın. Səfər Əbiyev orduda baş vermiş ölümlərə və qətllərə görə, ən azı, mənəvi məsuliyyət daşıyır və o bilir ki, bu barədə veriləcək sualları cavablandırmaq asan olmayacaq”.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Əvəz Temirxanın “Unikal”a söylədiyinə görə, “İstənilən normal dövlətdə hökumətin və o cümlədən ayrı-ayrı nazirlərin parlament qarşısında hesabat verməsi adi qaydadır. Amma Azərbaycanda bu adi normalara da əməl edilmir. Bizim ölkə bir çox cəhətdən dünyada analoqu olmayan bir ölkədir və bu baxımdan da analoqumuz yoxdur. Qaldı ki, Səfər Əbiyevin parlamentdə hesabata dəvət edilməsinə, görünür, onun bu postu tutması daha kimlərəsə lazım deyil və yeni nazir təyin etmək istəyirlər. Buna görə də parlament səviyyəsində növbəti kampaniya başlanıb”.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50