Rusiya oktyabrın 29-da Sevastopolda həyata keçirilən hücumlardan sonra “taxıl sazişinin”də iştirakını müvəqqəti olaraq dayandırdığını Türkiyəyə bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir. Qeyd olunub ki, İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzində çalışan rusiyalı heyət hələ də Mərkəzdədir və vəziyyətin tam olaraq həll olunana qədər Ukrayna limanlarından çıxan gəmilərin taxıl koridoru üzrə hərəkəti dayandırılacaq.
Digər tərəfdən, İstanbul boğazın ətrafında gözləyən taxıl yüklü gəmilərin yoxlanılması bu gün və sabah davam edəcək.
“Problemin həlli və bu günə qədər koordinasiyalı şəkildə uğurla həyata keçirilən taxıl təşəbbüsünün fəaliyyətinin davam etdirilməsi üçün milli müdafiə nazirimiz cənab Hulusi Akar həmkarları və müvafiq orqanlar ilə danışıqlarını və koordinasiyasını davam etdirir”, - deyə nazirlikdən vurğulanıb.
Əlavə olunub ki, Türkiyə tərəfi danışıqların davam etdirilməsinin və mənfi təsir göstərəcək hər hansı təxribatın qarşısının alınmasının tərəfdarıdır: “Türkiyə Cümhuriyyəti indiyə qədər olduğu kimi bölgədə sülhün və humanitar yardımın təmin edilməsində üzərinə düşəni etməyə davam edəcək”.