"Rusiya Ukraynadan məhsul ixracına səbəb olan taxıl müqaviləsində iştirakını dayandırmaq qərarını ləğv etməlidir".
"Unikal" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Josep Borrell Twitter-də bildirib.
“Rusiyanın Qara dəniz sazişində iştirakını dayandırmaq qərarı qlobal ərzaq böhranından çıxmaq üçün lazım olan taxıl və gübrələrin əsas ixrac marşrutunu təhdid edir”, - deyə Borel yazıb və Moskvanı öz qərarına yenidən baxmağa çağırıb.
Xatırladaq ki, dünən Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna taxıl ixracı sazişində iştirakın dayandırıldığını elan edib. Agentlik buna səbəb kimi Ukraynanın həmin gün “böyük Britaniya mütəxəssislərinin iştirakı ilə” Qara dəniz donanmasının gəmilərinə və “taxıl dəhlizi”nin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərə qarşı həyata keçirdiyi terroru qeyd edib. Müqavilə iyulun 22-də Türkiyə və BMT-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna tərəfindən imzalanıb.
Gültəkin Ələsgər