Azərbaycan çempionu “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri qrup mərhələsində son matçına çıxıb.
G qrupunda yer alan Ağdam təmsilçisi Almaniya təmsilçisi “Frayburq”u qonaq edib. Qrupda 1-ci yerin təmin edən Almaniya təmsilçisi özü üçün formal xarakterli görüşə eksperimental heyətlə çıxıb.
İlk dəqiqələrdən təşəbbüsə yiyələnən “Qarabağ” üstünlüyü ələ alıb. Ardıcıl hücumlar quran çempionumuz rəqib qapısına yol tapmaqda çətinliklə üzləşib.
Bundesliqa klubu isə azsaylı hücumların birində qazandığı penalti zərbəsi ilə hesabı açıb. Bu qol matçın taleyini həll edib.
Həm ilk yarıda, həm fasilədən sonra üstün oyun nümayiş etdirən Qurban Qurbanovun yetirmələri məğlubiyyətdən qaça bilməyib. Düzdür, təmsilçimiz penalti və qola sevinib. Amma hər iki halda VAR-ın müdaxiləsi ilə qərar ləğv edilib. Kevin Medinanın qırmızı almasından sonra azlıqda qalan “Qarabağ” hücumlarına ara verməyərək məğlubiyyətdən qaçıb. Ovusu Kvabena bərabərlik qoluna imza atıb – 1:1.
Qrupun digər oyunu Yunanıstanda baş tutub. Avrokuboklarla vidalaşdığı dəqiqləşən “Olimpiakos” evdə “Nant”la görüşüb. 2:0 hesabı ilə qalib gələn Fransa təmsilçisi qrup ikincisi kimi Avropa Liqasının pley-offuna yüksəlib. Bu nəticə “Qarabağ”ı Konfrans Liqasına göndərib.
Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü noyabrın 7-də atılacaq, qarşılaşmalar 2023-cü ildə keçiriləcək.