Bölgələrdə çəltik biçini davam edir. Bu il respublikanın 9 rayonunda çəltik əkini aparılıb. Çəltik əkinlərinin ümumi sahəsi 3194,25 hektar təşkil edir. 2022-ci ildə ən çox Lənkəran (802,3 ha), Ağdaş (681 ha) və Ucar (678 ha) rayonlarında çəltik əkilib.
"Unikal" xəbər verir ki, bugünədək sahələrdən 11548,12 ton məhsul yığılıb. Hazırda çəltik üzrə orta məhsuldarlıq 36,2 sent/ha təşkil edir. Bu, ötən ilin yekun orta məhsuldarlıq göstəricisindən 1,4 sent/ha çoxdur.
Bu il respublikada 2021-ci ilə nisbətən 848 ton daha çox məhsul istehsal olunub.
Qeyd edək ki, çəltikçilik ölkənin ərzaq təhlükəsizliyi zəncirində önəmli yer tutur və çəltik bitkisi Azərbaycanda ənənəvi becərilən bitki hesab olunur.
Son illər respublikada çəltikçiliyin inkişafına böyük önəm verilməklə bu sahəyə dövlət dəstəyi daha da gücləndirilib, əkin sahələrinin və məhsul istehsalının artırılması ilə bağlı bir sıra zəruri tədbirlər həyata keçirilib.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltik becərilən sahənin hər hektarına görə, fermerlərə 360 manat əkin subsidiyası verilir.
Bu il ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarının yaradılması, introduksiyası, yerli şəraitə adaptasiyası və toxumçuluğunun təşkili istiqamətində tədqiqat işlərinə başlanılıb və institututda “Çəltik bitkisinin seleksiyası və becərmə texnologiyası” şöbəsi yaradılıb. Həmçinin çəltiyin seleksiyası və toxumçuluğuna dair tədqiqat işlərinin aparılması üçün Lənkəran rayonu ərazisində lazımi infrastruktur yaradılıb.
2020-ci ildən Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 2020-2024-cü illər üçün çəltiyin seleksiyasına dair təsdiq olunmuş mövzu planına əsasən Lənkəran bölgəsində seleksiya tədqiqatları həyata keçirilir. Lənkəranda hər il 1,0-1,5 hektar sahədə toxumluq məqsədi ilə “Avanqard” sortunun superelit reproduksiyalı əkini aparılır və 2,5-3,0 ton elit toxumu istehsal edilərək bölgə fermerlərinə verilir.