Azərbaycan Turizm və Menecment Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunan  tədbir keçirilib.

"Unikal" xəbər verir ki, dövlət himni səsləndirildikdən, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Turizm və Menecment Universitetinin rektoru cənab İlham Mədətov çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yolundan, müstəqil Azərbaycan dövlətinin inkişafından danışdı. Qeyd etdi ki, Ulu Öndər ən çətin anda Azərbaycan Respublikasının dövlətçiliyinin qurulması məsuliyyətini öz üzərinə götürdü. Yeni Azərbaycan Partiyasının təsis olunduğu gündən xalqın inam və etimadını doğrultduğunu, Cənubi Qafqazın ən böyük siyasi partiyası olaraq tanındığını, dövlətimizin və millətimizin mənafeyini hər şeydən üstün tutduğunu dedi. “Bu gün isə partiya Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır” sözlərini xüsusu vurğuladı. 

İ.Mədətov cənab Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətindəki uğurlu fəaliyyətinə aydınlıq gətirdi.

Tədbirdə ATMU- nun kafedra müdiri, dosent Hafiz Hüseynov “YAP-30 il: Tarixi qələbə və zəfər partiyası”, professor Minəxanım Əsədova “Təhsilin inkişafında YAP-ın rolu”, dosent Günay Qafarova “YAP-ın mədəniyyətin inkişafında rolu” mövzularında çıxış edərək Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan  Partiyasının ölkənin və cəmiyyətin bütün sahələrinin inkişaf etməsi üçün böyük səy göstərdiyini vurğuladılar.

Tədbirin gedişatında Yeni Azərbaycan Partiyasına üzv olmaq istəyən müəllim və tələbələrə partiya biletləri təqdim edildi. Rektor İlham Mədətov iştirakçıları təbrik etdi və Yeni Azərbaycan Partiyasına fəaliyyətində uğurlar arzuladı.