Bu il sentyabrın 12-dən 13-ə keçən gecə düşmənin törətdiyi genişmiqyaslı təxribatlar zamanı şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Vadim Qocayevin övladı dünyaya gəlib.
"Unikal" xəbər verir ki, ötən gün dünyaya göz açan şəhid övladına atasının arzusuna əsasən Zeyd adı qoyulub.
Bundan başqa ailənin bir qız övladı da var.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz V.Qocayev Qobustanın Sündü kəndindəndir. O, Vətən müharibəsi zamanı "İgidliyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə, 2022-ci il sentyabr 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar zamanı ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Xatırladaq ki, hərbi qulluqçumuzun atası Alik Qocayev oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan zaman infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.
Anar Kəlbiyev