Millət vəkili Novruz Aslanov noyabrın 28-də İsmayıllı rayonuna növbəti səfərini edib. Vətən müharibəsi şəhidi Cəmil Məmmədlinin xatirəsinə həsr edilən “Elə bir ömür yaşayacam ki...” filminin təqdimatında iştirak edib.
"Unikal" xəbər verir, təqdimat mərasimində rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, yerli hüquq-mühafizə orqanları, idarə, təşkilat rəhbərləri, RİH-nin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, şəhidin təhsil aldığı universitetin şəhid ailələri və müharibə iştirakçıları ilə işlərin təşkili qrupunun rəhbəri iştirak edib.
Tədbirdən öncə şəhid Cəmil Məmmədlinin həyat və döyüş yolunu əks etdirən sərgiyə baxış keçirilib.
Sonra tədbir açıq elan edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib. GÜNTV Media Qrupun rəhbəri Mehriban Sadıqovanın ssenarisi əsasında çəkilmiş “Elə bir ömür yaşayacam ki...” filmi nümayiş etdirilib. Filmdə Cəmil Məmmədlinin həyatı və şərəfli döyüş yolu barədə yaxınları, müəllimləri, döyüş yoldaşları, dostlarının xatirələri yer alıb. Şəhidin anası Aygün Məmmədova filmin ərsəyə gəlməsində əməyi olan hər bir insana öz minnətdarlığını bildirib.
Filmdən sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov öz çıxışında tədbir iştirakçılarına, həmçinin filmin yaradıcı heyətinə təşəkkürünü bildirib, dövlətin şəhid ailələrinə göstərdiyi diqqətdən danışıb.
Novruz Aslanov çıxışında 44 günlük Vətən Müharibəsində qazanılan zəfərdən, zabit və əsgərlərimizin döyüşlərdəki qəhrəmanlıqlarından, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi qayğıdan söhbət açıb. Şəhidlərin xatirəsini əbədiləşdirmək və gənc nəslə tanıtmaq üçün belə filmlərin çəkilişinə böyük ehtiyac olduğunu bildirib.