Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) icraçı direktoru, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov 29 noyabr 2022-ci ildə Ukraynanın Kiyev şəhərində hibrid rejimdə keçirilən “Elm müasir çağırışlar və təhdidlər kontekstində: problemlər və inkişaf prioritetləri” Beynəlxalq Simpoziumun plenar iclasında “Münaqişələrin idarə edilməsi və onların köklü səbəblərinin aradan qaldırılmasında elmin rolu” mövzusunda məruzə edib.
"Unikal" xəbər verir ki, Ə.Sadıqov çıxışında münaqişələri nəyin bahasına olursa olsun boğmaq yox, onların həlli üçün münaqişə tərəflərinin müxtəlif ideyalarını və nəzər nöqtələrini bir araya gətirən faydalı idarəetmə mexanizminin tətbiq olunmasını təklif edib. O, qeyd edib ki, elm demokratik dünyanın mühüm xüsusiyyəti olan azad və tənqidi düşüncəyə əsaslanır. Elmi təfəkkürün mahiyyəti yaranan təbii və sosial problemlərə müxtəlif nöqteyi-nəzərdən baxmaq və tənqidi təhlil əsasında izahat tapmaq bacarığındadır.
Ə.Sadıqov vurğulayıb ki, hökumətlər və bütövlükdə cəmiyyət fundamental və tətbiqi elmlərin nailiyyətlərindən və müasir texnologiyalardan münaqişələrin köklü səbəb və nəticələrinin aradan qaldırılması üçün istifadə etməlidir. Bu məqsədə xidmət edən elmi tədqiqatlara və texnoloji inkişafa investisiyalar artırılmalıdır. Bildirib ki, elmi fəaliyyətdə başqa sahələrdə olduğundan daha çox insanlar siyasi fikir ayrılıqlarını bir kənara qoyur və öz xaqlarının ən üstün maraqlarını təmin etmək üçün əməkdaşlıq edirlər. Alimlərin beynəlxalq əməkdaşlığı qlobal təhlükəsizliyə, xalqların, cəmiyyətlərin və mədəniyyətlərin arasında dinc münasibətlərin möhkəmlənməsinə dəyərli və konstruktiv töhfədir.
Qeyd edək ki, Simpozium Ukrayna MEA-nın prezidenti akademik Anatoliy Zaqarodniyin sədrliyi ilə keçib və AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Simpoziumun proqram komitəsinin üzvü olub.