“Azercell Telekom” MMC həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində gənclərin təhsili, peşəkar inkişafı və işlə təmin olunması istiqamətində layihələrini davam etdirir.
"Unikal" xəbər verir ki, ölkənin lider mobil operatorunun “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası ilə tərəfdaşlıqda valideyn himayəsindən məhrum gənclərə karyera quraraq güvənli gələcəyə addımlamaq üçün geniş imkanlar açır. Layihənin məqsədi SOS Uşaq Kəndlərində və icmalarda böyüyən 15-25 yaş aralığında 100 gənci iş bazarına hazırlamaq, mövcud fəaliyyətlərinin əhatəsini genişləndirmək və şəxsi inkişafları üçün yeni təşəbbüslər yaratmaqdır.
Bakı, Gəncə və Sumqayıt şəhərlərini əhatə edəcək fəaliyyətlər ilk növbədə 8 moduldan ibarət məşğulluğa hazırlıq və kiçik sahibkarlıq mövzularında onlayn təlimlərdən ibarət olacaq. Liderlik bacarıqları, Kommunikasiya bacarıqları təlimləri, Maliyyə Savadlılığı kimi praktiki modullar, İnsan Qaynaqları menecerləri ilə müsahibələrin keçirilməsi planlaşdırılıb. Vebinarlar “YouthLinks” platforması üzərindən təqdim olunacaq. Layihənin növbəti mərhələsində iştirakçı gənclərin bilik, bacarıq və istəklərinə uyğun müxtəlif peşə təlimlərinə cəlb edilməsi nəzərdə tutulub. Yekunda isə peşə hazırlığını uğurla bitirmiş gənclərin həmin peşə sahələrində müxtəlif biznes nümayəndələrinin yanında təcrübə və mentorluq proqramı keçməsi planlaşdırılıb.
Qeyd edək ki, kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının, hüquqlarının qorunması, onların keyfiyyətli təhsil alması, cəmiyyətə inteqrasiyası daima “Azercell Telekom”-un diqqət mərkəzində saxladığı sosial mövzulardandır.