Bildiyiniz kimi, noyabrın 30-da Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə qətnamə qəbul edilib. Qətnamədə Azərbaycan Ermənistana qarşı "təcavüz"də ittiham edilir.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, belə hadisələr bizi təəccübləndirməməlidir:
"Mən həmişə qeyd etmişəm ki, insanlar siyasətə hüquq kimi baxmasınlar. Siyasi maraqlar fərqlidir. Fransa dövləti Cənubi Qafqazda yerləşmək istəyir və bunu Ermənistan vasitəsilə tənzimləmək istəyir. Buna görə də Fransa Ermənistanın mövqeyini müdafiə etməyə məhkumdur. Fransa bu siyasətini hələ də davam etdirir.
Biz mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq. Münasibətlər sistemində həqiqətlərin hamıya çatması üçün zaman-zaman onları dilə gətirməliyik. Fransanın bu məsələlərdə daha obyektiv olması üçün həm Avropaya müttəfiq olan, həm də Azərbaycanla da yaxşı münasibətləri olan dövlətlərin təsir gücündən istifadə etməliyik.
Həmçinin, Azərbaycanda fəaliyyət göstərən kifayət qədər Fransa şirkətləri var. Onlar transmilli layihələrdə də iştirak edirlər. Həmin şirkətlərlə münasibəti və lobbiçilik fəaliyyətini düzgün qurmaq lazımdır, amma bununla da kifayətlənmək olmaz.
Birləşmiş Millətlər Təşkilatının (BMT) bizi müdafiə edən 4 qətnaməsi, Avropa Şurasının və ayrı-ayrı dövlətlərin münasibətləri var idi. 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan öz torpaqlarını işğaldan azad etmək uğrunda əks-hücuma başlayanadək hamı bizi sakitləşdirirdi və biz həmin qətnamələri əsas kimi götürürdük. Ermənistan isə həmin qətnamələri qatlayıb bir kənara qoymuşdu.
İndi də Fransa Azərbaycan əleyhinə qətnamə qəbul edib, qatlayın qoyun bir kənara. Bu, bizim siyasətimizi dəyişdirən bir şey deyil və bizi haqq işimizdən geri durmağa məcbur edən amil deyil. Hesab edirəm ki, belə məsələlərdə təəccüblənməyə və yaxud panikaya düşməyə ehtiyac yoxdur", - deyə o qeyd edib.
Murad İbrahimli