Dekabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Əməkdar elm xadimi, görkəmli dilçi alim, professor Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə ADU və ADPU-nun professor-müəllim heyəti, alimin ailə üzvləri, Milli Məclisin deputatları və tələbələr iştirak ediblər.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov böyük alimin həyat yolundan bəhs edib, onun elmi fəaliyyətində feillərlə bağlı apardığı tədqiqatların əhəmiyyətini xüsusi vurğulayıb. Görkəmli alimin milli ziyalı, nəcib, səmimi və xalqını sevən vətəndaş olması diqqətə çatdırılıb. Qeyd olunub ki, professor Həsən Mirzəyevin ümumilikdə 14 cildliyi dilçiliyimiz, folklorumuz, tariximiz və coğrafiyamız üçün tükənməz xəzinədir.
ADU-nun rektoru, akademik Kamal Abdulla professor Həsən Mirzəyevi Azərbaycanın elm tarixində öz yeri və rolu olan görkəmli alimlərdən biri kimi dəyərləndirib: “O, əsl pedaqoq idi. Həsən müəllim həqiqi mənada öz işinin mirzəsi idi. Öz işində olduqca hərəkətli, dinamik, hər kəsə yardım etməyə çalışan insan idi. O, təkcə dilçi alim kimi deyil, həm ədəbiyyatşünas, folklorşünas alim kimi, həm də bir şair kimi yaddaşlara həkk olunub. Hər birimiz Həsən müəllim kimi şəxsiyyətlərin həyat yolundan, elmi irsindən bir çox məqamları öyrənməli, bunu gənc nəsillərə ötürməliyik”.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova qeyd edib ki, professor Həsən Mirzəyev hansı mövzu üzərində çalışıbsa, onun ərsəyə gətirdiyi elmi əsərlər yalnız faktlar üzərində müşahidələrinin, dil faktlarından aldığı təəssüratın nəticələrindən ibarət olmayıb:
“O, faktları, topladığı zəngin dil materiallarını vahid sistem şəklində, oturuşmuş prinsiplər əsasında analiz etdiyindən, müəyyən hallarda elmi-nəzəri ədəbiyyatdakı mülahizə və fikirlərlə razılaşmır, öz tənqidi mühakimələrinin qənaətindən doğan nəticələrə gəlirdi. Həsən müəllimin yetirmələri respublikanın hər yerində var. Həsən müəllim vətənpərvər insan idi, xalqına, millətinə, dövlətinə böyük sevgi ilə bağlı olan şəxsiyyət idi ”.
ADU-nun Türkiyə Araşdırmaları Mərkəzinin müdiri, dosent Elçin İbrahimov professor Həsən Mirzəyevin böyük elmi yaradıcılığı haqqında fikirlərini bölüşüb, alimi Azərbaycan və dünya elminin görkəmli elm xadimi kimi dəyərləndirib.
ADU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Yeganə Hacıyeva “Həsən Mirzəyevin elmi fəaliyyətində onomastika məsələləri” mövzusunda çıxış edib. Qeyd olunub ki, Həsən Mirzəyev Azərbaycan dilində olan toponimlərin, abidə adlarının araşdırılması istiqamətində xüsusi ilə fərqlənib. Bildirilib ki, uzun müddət ərzində aparılan araşdırmaların Azərbaycan dilçiliyinə vermiş olduğu töhfələr bu gün də qeyd olunmalıdır.
Professor Həsən Mirzəyevin qardaşı Musa Mirzəyev tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, alimin irsinin hər zaman tədqiq olunacağına əmin olduğunu diqqətə çatdırıb:
“Həsən Mirzəyev böyük alim olmaqla yanaşı, həm də böyük insan idi. O, xalqını, dövlətini sevən, onun inkişafı, tərəqqisi yolunda bütün varlığı ilə çalışan ziyalı idi. Bu gün Həsən Mirzəyevi yaşadan həm də onunla bağlı olan xoş xatirələrdir”.
Daha sonra ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, professor Adil Babayev, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru İbrahim Bayramov, ADU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Fazil Əhmədov, Milli Məclisin deputatı Etibar Əliyev görkəmli alim Həsən Mirzəyev haqqında xatirələrini bölüşüblər. Tədbirdə Həsən Mirzəyev irsinin araşdırılması məsələsi diqqətə çatdırılıb.