Yeni əməkdaşlıq müqaviləsi çərçivəsində ölkənin lider mobil operatoru və ADA Universiteti dayanıqlı İnformasiya və Kommunikasiya texnologiyaları ekosisteminin yaradılmasına töhfə verməyə davam edəcəklər.
"Unikal" xəbər verir ki, dekabr ayının 2-i ADA Universitetində baş tutan tədbirdə hər iki təşkilatın nümayəndələri ali təhsil müəssisələri ilə biznes arasında tərəfdaşlığın vacibliyini vurğuladı və bu cür əməkdaşlıqların geniş əhatə dairəsini müzakirə edib.
Qeyd edək ki, 10 il davam edən əməkdaşlıq çərçivəsində, Azercell ADA Universitetində informasiya texnologiyaları və mühəndislik sahələri üzrə bakalavr təhsili alan tələbələr üçün təqaüdlər ayırıb, təlimlər təşkil edib və şirkətdə təcrübə keçmək imkanı yaradıb. Bununla yanaşı, Azercell ADA Universitetinin İKT və sahibkarlıq sahələrində qadınların rolunun gücləndirilməsi istiqamətində təşkil etdiyi layihələrə də öz dəstəyini göstərib.
ADA Universiteti ilə növbəti əməkdaşlıq müqaviləsinə imza atan Azercell, Azərbaycanda yeni İKT mütəxəssisləri nəslinin akademik və peşəkar inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib. Həmçinin mobil operator universitet nəzdində İT həllərinin hazırlanması və texnoloji araşdırılmaların aparılması üçün lazımi şərtlərin yaradılmasına da köməklik göstərəcək.
Təhsilin tərəqqi və innovasiyanın əsas qayəsi olduğunu diqqət mərkəzində saxlayan Azercell bu istiqamətdə görülən işlərə dəstək olmağa davam edəcək.