Neftçalada növbəti suvarma mövsümünə hazırlıq gedir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Neftçala Suvarma Sistemləri İdarəsi rayon ərazisində suvarıla bilən 38 min hektardan artıq əkin sahəsinin suvarılmasına xidmət edir. İdarə tərəfindən 2022-ci ildə əkilən 21500 taxıl sahəsi 2.6 dəfə, 8790 hektar pambıq sahəsi 3.7 dəfə, 6072 hektar yonca sahəsi 9.1 dəfə, digər əkinlər -bostan- tərəvəz hǝyǝt yanı, qarğıdalı və bağ sahələri orta hesabla 9.3 dəfə suvarılıb və suvarma uğurla yekunlaşıb. Bundan başqa idarənin balansında olan 1369 ədəd hidrotexniki qurğulardan 26 ədədində cari təmir işləri aparılıb. Su itkilərinin qarşısını almaq məqsədilə idarənin balansında əsaslı təmirə ehtiyacı olan latok sisteminin 900 metrlik hissəsində hazırda yeni nov sistemi çəkilməkdədir.
2022-ci ilin 10 ayında idarənin balansında olan 1026 km kanaldan, 314 km-də lildən təmizləmə işləri aparılıb. Növbəti ilin məhsulu üçün 21000 hektar taxıl, 6500 hektar pambıq, 8400 hektar yem vǝ 2258 hektar digər bitkilərin suvarılması planlaşdırılır ki, adıçəkilən sahələrin suvarma suyu ilə təminatı üçün suvarma kanallarının lildən təmizlənməsi sürətlə davam edir. Görülən meliorativ tədbirlər nəticəsində hər il əkin aparılan sahələrdən bol məhsul əldə edilir.
Suvarma mövsümü yekunlaşsa da Neftçala Suvarma Sistemləri İdarəsi tərəfindən 2023-cü ilin məhsulu üçün əkilən 5160 hektar taxıl sahəsinin, 1180 hektarında, 740 hektar yem sahəsinin 660 hektarında artıq suvarılma aparılıb.