Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun Çin Memarlığı və Çin Dili Mərkəzinin təşkilatçılığı ilə Çinin Xuçjou şəhərindəki “Çzinan” məktəbinin şagirdlərinin rəsm sərgisi açılıb.
"Unikal" xəbər verir ki, sərgidə təqdim olunan 100-dən çox rəsm və bədii açıqcalar Çjetszyan əyalətinin mənzərələrinə, tarixi Taixu gölünə, Ay körfəzinin görməli yerlərinə, Xuçjou xalqının adət və ənənələrinə həsr olunub.
Açılış mərasimində çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycan-Çin mədəni, elm və təhsil əlaqələrinin mütərəqqi inkişafını, tarixən Böyük İpək Yolu bağlı olan iki ölkə xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndiyini qeyd edib.
Mərasimdə çıxış edən Çinin Azərbaycandakı səfiri xanım Qo Min son illər iki dövlət başçılarının şəxsi diqqəti və köməyi ilə Çin-Azərbaycan əlaqələrinin bütün sahələrdə fəal şəkildə inkişaf etdiyini bildirib. O, ümidvar olduğunu bildirib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində ADU-nun Konfutsi İnstitutunun yeni Çin tədris mərkəzi Çin dilini öyrənmək və Çin mədəniyyətini anlamaq üçün platformaya çevriləcək və Çin ilə Azərbaycan arasında humanitar mübadilənin inkişafına töhfə verəcək.
Sərgi çərçivəsində ADU Konfutsi İnstitutunun müəllim və tələbələri rəngarəng konsert proqramı ilə çıxış etmiş, çay mərəsimi və Çin xəttatlığı üzrə ustad dərsi keçirmişlər.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, rəsm sərgisi Çin Memarlığı və Çin Dili Mərkəzinin ilk tədbiri idi.
Mərkəz Çin memarlığına dair ədəbiyyat kitabxanasının yaradılması, Çin memarlığının tarixinə dair mühazirələr oxunması, tələbələri Çin memarlıq dekoru, Çinin saray və bağ memarlığı ilə tanış etmək, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universiteti və ADU-nun Konfutsi İnstitutunun tərəfdaşı olan Xuçjou Universiteti və Çinin aparıcı ixtisaslaşdırılmış universitetlərinin arasında elmi və təhsil əlaqələrinin qurulması planlaşdırılır.